Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:41

Azərbaycanda Pəhləvi siyəsəti?


Nardaranda Aşura mərasimi - 16 dekabr 2010
Nardaranda Aşura mərasimi - 16 dekabr 2010
- Xalqımın haqqını yeyənə lənət ola! Məscidi sökdürənlərə lənət ola! Azan səsini alanlara lənət ola! Hicab qadağan edənə lənət ola! İşığımızı söndürənə lənət ola! Kəndimə zülm edənlərə lənət ola!.

Bu şüarlar yanvarın 16-da Bakının Nardaran kəndindəki İmam Hüseyn məscidində keçirilən Aşura mərasimində səslənib. Məscidə toplaşan minlərlə müsəlman hakimiyyətin sosial siyasətinə etirazlarını belə bildiriblər. Analoji şüarlar ölkənin daha bir neçə məscidində keçirilən Aşura mərasimlərində də səslənib. Cəlilabadda şagirdlərin hicabla orta məktəblərə buraxılmamasına etiraz olaraq təhsil naziri Misir Mərdanovun şəkli yandırılıb.

Bir neçə gündür Təhsil Nazirliyinin binası önündə polis naryadları keşik çəkir. Ötən cümə günü - dekabrın 10-da yüzlərlə dindar nazirlik qarşısına toplaşaraq hicaba qadağaya etiraz aksiyası keçiriblər.

Aşura mərasimləri də dindarların məktəbli qızlarının başlarını açmamalarında israrlı olduğunu göstərdi. Nazirlikdən isə bildirirlər ki, etirazlar olsa da bunlar kütləvi deyil. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin sözlərinə görə, şagirdlərin məktəblərə hicabsız gəlmələri qanunun tələbidir. Onun dəyişəcəyi gözlənilmir:

DÖVLƏTİN QANUNU VAR

- Dövlətin qanunu var və buna əməl olunmalıdır. Məktəblərlə əlaqə saxlayırıq. 500 nəfərlik məktəblərdə 2-3 uşaqla bağlı belə problem yaranıb. Məktəb rəhbərlərinə, müəllimlərə də tapşırırıq ki, o insanları maarifləndirsinlər, başa salsınlar ki, məktəbə məktəbli geyimində gəlmək vacibdir.

İsa Qəmbər
“Azərbaycanda vicdan azadlığı Konstitusiya səviyyəsində təsdiq olunub və İslam cəmiyyətdə özünə aid yeri tutmalıdır”. Bu isə, Müsavat Partiyasının başqanı İsa Qəmbərin fikridir. Onun sözlərinə görə, hakimiyyətin yanlış siyasəti nəticəsində cəmiyyətdə narazılıq gündən-günə artır və bu, cəmiyyət üçün ciddi təhlükə qaynağına çevril bilər:

YANLIŞ VƏ ZİYANLI SİYASƏT

- Hakimiyyətin mömin insanlara qarşı anlaşılmaz, düşməncəsinə münasibəti həmin icmaları radikallaşdırır. Hakimiyyətin içində belə bir tendensiya var ki, ölkədə radikal İslam təhlükəsi var və bunun qarşısını almaq yalnız avtoritar idarəçilik metodları ilə mümkündür. Bu da çox yanlış və ziyanlı siyasətdir.

İsa Qəmbər düşünür ki, iqtidar bu siyasəti yürütməkdə davam etsə, durum daha da gərginləşəcək. Müsavat başqanı 70-ci illərin sonunda İranda baş verənlərlə bu gün Azərbaycanda baş verənlər arasında analogiya apararaq bildirir ki, o zaman İran şahı Məhəmməd Rza Pəhləvi də cəmiyyəti narazı edən məsələləri çözmədən onu nəzarətdə saxlayacağını düşünürdü. Sonra 1979-cu ildə İranda İslam İnqilabı baş verdi.

Şəmsəddin Hacıyev
Milli Məclisin Elm və Təhsil Komitəsinin rəhbəri Şəmsəddin Hacıyev isə bildirir ki, dini mərasimlərdə siyasi, sosial şüarların səslənməsi ölkənin içərisindən idarə olunmur. Hacıyev düşünür ki, kənardan idarə olunan bu etiraz dalğasına çox az insan dəstək verir:

AŞURA HARA, HİCAB MƏSƏLƏSİ HARA?

- Aşura mərasimi hara, hicab məsələsi hara? Azərbaycan dünyəvi dövlətdir. Bu ölkə qanunlarla idarə olunur. Hər bir insan qanunlara sayğı göstərməli və tabe olmalıdır. Azərbaycan tolerantlığı ilə dünyaya nümunə olacaq dövlətdir. Ölkədə hər bir insanın hüququ qurunur.

Şəmsəddin Hacıyevin fikrincə, əgər hər hansı insan hüququnun tapdalandığını düşünürsə, bunu qanuni yolla həll etməyə çalışıb məhkəməyə müraciət etməlidir.

Politoloq Hikmət Hacızadə isə baş verənlərin gözlənilməz məcraya yönələ biləcəyini istisna etmir:

ETİRAZLAR GÜCLƏNMƏKDƏDİR

Hikmət Hacızadə
- Əlbəttə, bu, təhlükəlidir. Siyasət hər yerdə var. Durum bir qədər gərginləşən kimi, toyda da, yasda da insanlar siyasi şüarlar səsləndirəcəklər. Bu qədər narazılıq olan cəmiyyətdə belə məsələlər o qədər də təəccüblü deyil. İnsanların tələbləri yerinə yetirilmir, onlarla dialoq qurulmur. Hökumət hansısa addımları atmaq istəyəndə cəmiyyətlə müzakirələr aparmır, cəmiyyəti hazırlamadan birdən-birə hansısa taleyüklü qərarlar qəbul edir. Bu, insanları çaşdırır, vahimələndirir, ona görə də bu etirazlar güclənməkdədir.

Hikmət Hacızadənin fikrincə, hökumətin bu məsələdə dialoqa meyli etirazların miqyasından asılıdır. Etirazlar davamlı və kütləvi olsa, ən doğrusu, hakimiyyətin hər hansı formada qərarı dəyişməsi və bu insanlarla dialoqa getməsidir.
XS
SM
MD
LG