Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:00

Ələmdən məşələ və ya rayonlarda «Meksika dalğası»


Birinci Avropa Oyunlarının məşəli Saatlı rayonundan sonra mayın 6-da Sabirabada gətirilib.
Birinci Avropa Oyunlarının məşəli Saatlı rayonundan sonra mayın 6-da Sabirabada gətirilib.

-

Son günlər regionlarda keçirilən məşəlli yürüş bir çoxlarının yadına iki il əvvəl Sabirabadın Moranlı kəndindən çəkilib sosial şəbəkələrdə paylaşılan bir videonu salır. Həmin videoda bir nəfər əlində al-əlvan parçalar dolanmış dəmir dəyənəklə, yəni ələmlə meydanda dəli kimi o tərəf, bu tərəfə qaçır, dəyənəyin baş hissəsinə bərkitdiyi «əl»i oradakı adamlara sürtür, xəstələrə şəfa diləyir və bu yolla nəzir toplayır.

O zaman Qafqaz Müsəlmanları İdarəsi «ələm uçurulması» mərasimini «hoqqabazlıq» adlandırmış və bunun islamla heç bir əlaqəsinin olmadığını bəyan etmişdi.

Bəzilərinin fikrincə, «Bakı-2015» Avropa Oyunları məşəlinin ölkə ərazisində gəzdirilməsində də elə «şəbeh»lər müşahidə olunur ki, o, nə Avropa dəyərlərinə, nə də olimpiya prinsiplərinə uyğun gəlir. Bəzi məqamlarda Moranlı əhvalatı bunun yanında, necə deyərlər, toya getməli olur.

MƏŞƏLİMİZ YOLDADIR

Aprelin 26-da Avropa Oyunlarının Atəşgahda alovlanan məşəli hazırda ölkə içində səyahətdədir. Estafetə Gənclər və İdman Nazirliyinin idarələri tərəfindən təlim keçilən, geyimlərlə təchiz edilən adamlar, xüsusi avtomobillər cəlb olunub. Rəsmi açıqlamada deyilir ki, məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında metro, suda qayıq, havada isə təyyarə ilə daşınmaqla təxminən 5 min 500 kilometr məsafə qət edəcək.

Məşəl getdiyi yerlərdə insanlara qürur və sevinclə yanaşı, qayğı və narahatlıqlar da gətirir. Mərkəzi Aran rayonlarında etdiyimiz müşahidələrin bir qismini təqdim edirik.

İDMAN YARIŞMASIDIR, YOXSA SEÇKİQABAĞI TƏŞVİQAT?

Estafet boyu yerlərdə keçirilən tədbirlər hazırkı prezidentin seçkiqabağı təşviqatına bənzəyir. İlham Əliyevin iştirakı ilə baş tutan məşəl yandırma törənindən hazırlanmış videoçarx hər rayonda təkrar-təkrar nümayiş etdirilir. Halbuki bunu ölkənin bütün telekanalları yayımlayıb və, az qala, hər gün təkrarlamaqdadırlar.

«Məşəl festivalı» çərçivəsində təşkil edilən konsertlərdə ölkə başçısının ünvanına mədhiyyələr deyilməsi və bol-bol minnətdarlıqlar bildirilməsi də təəccüb doğurur. Elə bil, Oyunların ev sahibi Azərbaycan dövləti deyil, İlham Əliyevdir və o, belə böyük tədbiri şəxsi istəyi və vəsaiti ilə keçirir.

Yollara adam çıxarılmalı, meydan doldurulmalıdır. Avropalılara sübut edilməlidir ki, azərbaycanlılar idmanı onlardan az sevmir.
Yollara adam çıxarılmalı, meydan doldurulmalıdır. Avropalılara sübut edilməlidir ki, azərbaycanlılar idmanı onlardan az sevmir.

Məşəl qarşılama tədbiri bir qayda olaraq Heydər Əliyev parklarında keçirilir. Halbuki bir çox rayonda Olimpiya idman kompleksi tikilib istifadəyə verilib və belə tədbirə həmin məkanlar daha uyğun yer hesab olunmalı idi. Əlbəttə, bu törənə şəxsiyyətə pərəstiş və ideoloji çalarlar vurulmasaydı...

QARANLIQ GECƏDƏ QIRBASANLAR

Bir məşəlin arxasınca rayona xeyli sayda qonaq gələcəyini, foto- və videoçəkilişlər aparılacağını, hətta bəzi telekanalların canlı yayım təşkil edəcəyini bilən icra başçıları təlaşa düşürlər. Bütöv bir rayon ərazisində cəmi 4-5 kilometrlik rahat yol tapılmır ki, orada yürüş təşkil edilsin. Mərkəzi prospekt və küçələrdə oyuqlar, batıqlar, qabarmalar var, səkilərin daş üzlüyü qopuq-qopuq olub, illər öncə boyanmış barılar hüznlü görkəm alıb...

Vaxt az, bu işə pul da ayrılmayıb. Amma, necə deyərlər, bu oyun oynanılmalıdır.

Gecə vaxtı küçə, avtomobil fənərlərinin işığında yolların yırtığına qır basılır, yol kənarlarına ağac əkilir. Aran bölgəsində heç kəs may ayında ağac əkmir. Əslində, bu ağacı əkdirənlər də onun nə vaxtsa göyərəcəyinə ümid etmir. Hər şey dekorasiyaya, görüntüyə hesablanıb.

Yürüş üçün ayrılan yolun solub getmiş xətləri də təzələnir. Hər şeyi təzələməyə imkan yoxdur. Ona görə uçuq-sökük, tikintisi yarımçıq qalmış obyektlər bəzəkli divar kağızları arxasında gizlədilir.

Bu yürüşün «zınqırovu» çoxdur- inzibati binaların fasadları, dükan vitrinləri bayramsayağı bəzədilir.

İdarə və müəssisələrin hər birinə sahə ayrılıb: Su idarəsi- 50 metr, GEM- 30 metr...
İdarə və müəssisələrin hər birinə sahə ayrılıb: Su idarəsi- 50 metr, GEM- 30 metr...

ADAM PLANI

Yollara adam çıxarılmalı, meydan doldurulmalıdır. Avropalılara sübut edilməlidir ki, azərbaycanlılar idmanı onlardan az sevmir. Əyani olaraq nümayiş olunmalıdır ki, oyunların ölkəmizdə keçirilməsi ucqarlarda yaşayan zəhmətkeşlərimizdə böyük coşqu yaradıb. Üstəlik, başqa rayonlardan da geri qalmaq olmaz!

Dildə demək asandır, amma çətin işdir. Elan verməklə kimdir bu tamaşaya gələn...

Belədə inzibati amirlik işə düşür. Məktəb, uşaq bağçası direktorlarına tapşırılır ki, müəssisələrinin qapılarını bağlayıb bütün uşaqları məşəl qarşılama mərasiminə gətirsinlər. Təbii ki, hər uşağın əlinə şar və bayraq verilməlidir. Belə möhtəşəm oyuna görə bir az xərcə düşməyə dəyər. Onsuz da bu oyundan heç kəs yaxasını kənara çəkə bilməz.

Baş həkimlər başda olmaqla xəstəxanaların əmək kollektivi də geniş heyətlə nümayişdə olmalıdır. Xəstə 3-4 saat gözləyər. Bir də ki, idman elə sağlamlıq deyilmi? Tədbirin əsas ağırlığını isə mədəniyyət işçiləri çəkməlidir. Onların arasında oxuyan da, oynayan da çoxdur...

Yol kənarlarına «ət çəpəri» çəkilməyi, az qala, 2 saat vaxt aparır. Məlum olur ki, idarə və müəssisələrin hər birinə sahə ayrılıb: Su idarəsi- 50 metr, GEM- 30 metr...

Yürüş başlanmazdan əvvəl icra məmurları cavabdeh şəxslərlə birgə «baş sayı» aparır:

-Sənin 20 nəfərin olmalıydı, burada 18 nəfər var.

-2 nəfər kredit ödəməyə gedib.

- A kişi, çağır adamlarını, gəlib yerində dursun!

Sabirabadda Alov Festivalı - 6 may 2015
Sabirabadda Alov Festivalı - 6 may 2015

Məktəblilər ayaqüstü dayanmaqdan yorulduqlarını, bəziləri isə acdığını dilə gətirir, hətta ağlamsınanlar olur. İcra məmuru direktora bozarır:

-Sənin nə üzlü uşaqların var! Görünür, məktəbdə təlim-tərbiyə işinə ciddi yanaşılmır. Gedib bir sellofan peraşki alıb, bunlara paylaya bilmirsən?

YOL KƏNARINDA SÜNI «MEKSİKA DALĞASI»

Qıy qopur. Hamı yola boylanır və qışqırır: Gəlirlər!

Maşınlar yaxınlaşır, onun açıq qapı və pəncərəsindən boylananlar yerdəkilərə əllərini havada yelləyir, qışqırmalarına işarə edirlər. Yol kənarında «Meksika dalğası» yaranır, bayraqlar havaya qalxır, güllərin ləçəkləri havada uçuşur, «ura» nidaları ucalır.

Demə, bu gələnlər məşəl gətirənlər deyilmiş. Kameramanların üzü gülür- çəkiliş üçün onlara lazım olan epizodlardan biri uğurlu alınır.

MEYDANDA

Meydandakılar da gözləməkdən yorulub. Vətən, torpaq və rəhbər haqqında mahnılar bir-birini əvəz etməkdədir. Arada şüarlar da səsləndirilir. Kəndirbaz da bütün nömrələrini yekunlaşdırıb oturub bir taburet üzərində. Güləşçilər nümunəvi məşqlərdən yorulub əldən düşərək döşək üzərində sərəli qalıblar. Meydan adamların Novruz şənliyində gördükləri nehrələr, cəhrələrlə yenə dolub. Kimi sac üstə yuxa açır, kimi yun əyirir, kimi də kilim toxuyur.

Axır ki, məşəlçilər gəlir. Onları xeyli sayda avtomobil və texniki heyət müşayiət edir. «Yuxarı»dan göndərilən, standart formada olan ssenari ifa olunur.

Tədbir baş tutub. Daha deyinə-deyinə meydandan uzaqlaşan adamların qarşısını heç kəs kəsmir. Meydana sərilən xalılar bir ucdan yığılır. Bu vaxt şəhərin əsas giriş və çıxış yollarından şlaqbaumlar qaldırılır.

Qalır bircə məşəli müşayiət edən texniki heyəti və bu tədbirə dəvət edilənləri yedirdib, quraşdırılan səhnə avadanlıqlarını sökmək və onları yola salmaq. Növbəti ünvanda da məşəl estafetini qəbul etmək üçün bu sayaq hazırlıqlar gedir...

XS
SM
MD
LG