Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:26

MTN Teymuraz Əliyevlə bağlı deyilənləri araşdırır


Özünü Teymuraz Əliyev kimi təqdim edən şəxsin azərbaycanlı jurnalistlərlə görüşü
Özünü Teymuraz Əliyev kimi təqdim edən şəxsin azərbaycanlı jurnalistlərlə görüşü
Ötən ay çapını dayandırmış «Realnıy Azerbaydjan» qəzetinin baş redaktoru Eynulla Fətullayev, bu nəşrin əməkdaşlarından olmuş Çingiz Sultansoy və «Zerkalo» qəzetinin əməkdaşları İbrahim Bayandurlu və Kənan Quluzadə noyabrın 4-də Tbilisidə «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində şübhəli bilinən Teymuraz Əliyevlə görüşdüklərini iddia edirlər.

Azərbaycanın hüquq-mühafizə orqanları Teymuraz Əliyevin ötən ilin martında Elmar Hüseynovun qətlə yetirilməsində şübhəli şəxs kimi axtarışda olduğunu bildirib. Cənab Fətullayev noyabrın 6-da keçirdiyi mətbuat konfransında dedi ki, onlar Teymuraz Əliyevlə Tbilisdə azərbaycanlıların yaşadığı «Şeytanbazar» məhəlləsində bir taksi sürücüsünün köməyilə görüşüblər. Teymuraz Əliyev olduğunu deyən həmin şəxs biləndə ki, jurnalistlər Elmar Hüseynovun qətli ilə bağlı ona suallar vermək istəyirlər, çox əsəbiləşib:


«Teymurazın anası dedi ki, şəkli pozun, o, özü isə dedi ki, ehtiyac yoxdur, qoy qəzetlərdə versinlər, mənim nədənsə çəkinəcəyim yoxdur»
«Çox aqressiv idi. Deyirdi ki, burnunuzu bu məsələyə soxmayın, başınız ağrıyar. Ondan Tahir Xubanov haqqında soruşmaq istəyəndə, daha da aqressivləşdi. Soruşduq ki, siz fevralda Bakıda olmusuz, dedi ki, nə olsun, alverə gəlmişdik. Dedim ki, Turqay deyib siz beş ildir Bakıya gəlmirdiz, yenə əsəbiləşdi. Dedi ki, nə istəyirsiz, günahkar da tapıldı, sifarişçi də var, məhkəmə də gedir. Mənim protestlərimdən sonra qatil tutulub, məhkəməsi gedir, nə istəyirsiz məndən. Soruşdum ki, bəs səni niyə ittiham edirlər, dedi ki, ona görə ki, xarici vətəndaşam, həmin müddət Bakıda olmuşam, atdılar boynumuza».

Tbilisidə özünü azərbaycanlı jurnalistlərə Teymuraz Əliyev kimi təqdim edən həmin şəxs şəklinin qəzetlərdə çapına da etiraz etməyib. Görüşdə iştirak etmiş «Zerkalo» qəzetinin müxbiri Kənan Quluzadə belə deyir: «Teymurazın anası dedi ki, şəkli pozun, o, özü isə dedi ki, ehtiyac yoxdur, qoy qəzetlərdə versinlər, mənim nədənsə çəkinəcəyim yoxdur».


Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyyə Hüseynova deyir ki, jurnalistlərin dedikləri ilə bağlı istintaq araşdırmaya başlamalıdır. O, bildirir ki, istintaq ona şəkillər göstəribmiş, ancaq həmin şəkillər arasında Teymuraz Əliyevin şəkli olmayıb: «İndi istintaqın imkanı var ki, onlarda olan şəkillərlə bu şəkli müqayisə etsin».


Qətlin istintaqını aparan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev isə deyir ki, jurnalistlərin dedikləriylə bağlı məlumatlar araşdırılır: «Bu məlumatlar yenidir. Dəqiq araşdırmalar aparılmalıdır. Hazırda da bu istiqamətdə iş gedir. İstintaq məsələ ilə bağlı açıqlama verəcək».


Məsələylə bağlı Redaktorlar Birliyinin toplantısında da müzakirə aparılacaq. «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev: «Hesab edirəm ki, redaktorlar yığışıb, bu məsələni müzakirə etməlidirlər. Rəsmi orqanlarsa ictimaiyyətə məlumat verməlidir. Bunu bütün cəmiyyət gözləyir».


Jurnalistlərin Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov isə daha geniş araşdırma aparmağı təklif edir: «Mənim üçün qaranlıq məqamlar var. Həmkarlarımız ümumi danışır, maşının nömrəsini demirlər, diktafon yazısı yoxdur, hansı ki, səsi telefona da yaza bilərdilər. Ortada olan bir şəkildir. Heç dəqiq deyil ki, bu, həmin şəxsdir, yoxsa yox? Ona görə də jurnalist qrupu yaradıb Gürcüstanda araşdırma aparmaq lazımdır».



«Ancaq həmin adamlar sərbəst gəzirlərsə, deməli, onlar barədə kifayət qədər sübutlar verə bilməyiblər. Bu sübutlar olmayınca, onlar sərbəst gəzəcəklər də, haqlarında həbs-qətimkan tədbiri də seçilməyəcək. Hüququ dövlətlər əsaslı sübutlar tələb edirlər»
Hüquqşünas Müzəffər Baxışov isə bildirir ki, hər bir dövlət öz vətəndaşını başqa ölkəyə verməmişdən əvvəl onun cinayətdə şübhəliliyi haqqında yetərincə sübutlar istəyir. Bu sübutlar olmayanda həmin şəxs verilmir: «Mən bilmirəm, jurnalistlərin görüşdüyü həmin adam doğrudan Teymuraz Əliyevdir, yoxsa yox. Azərbaycan Teymuraz Əliyevin də, Tahir Xubanovun da axtarışını elan edə bilər, məlumatlar da yaya bilər. Ancaq həmin adamlar sərbəst gəzirlərsə, deməli, onlar barədə kifayət qədər sübutlar verə bilməyiblər. Bu sübutlar olmayınca, onlar sərbəst gəzəcəklər də, haqlarında həbs-qətimkan tədbiri də seçilməyəcək. Hüququ dövlətlər əsaslı sübutlar tələb edirlər».

Azərbaycanın Baş prokuroru Zakir Qaralov bir neçə dəfə həm Teymuraz Əliyev, həm də digər şübhəlilər haqqında Gürcüstana məlumatlar verildiyini, onların saxlanması üçün işləri davam etdirdiklərini deyib.


Elmar Hüseynovun qətlinin istintaqı ilə məşğul olan bir qrup hüquqşünasın yaratdığı İctimai Komitə də şübhəlilər haqqında Gürcüstanın hüquq-mühafizə orqanlarına sorğu göndərmişdi. Qurumun rəhbəri Əlövsət Əliyevin sözlərinə görə, həmin adamların Gürcüstan vətəndaşları olmaları və bu ölkədə yaşamaları haqqında cavab göndərilibmiş.


Elmar Hüseynovun qətlinin istintaqını aparan Milli Təhlükəsizlik Nazirliyi ötən ilin mayında qətldə şübhəli bilinən şəxslərdən birinin Teymuraz Əliyev, digərinin Tahır Xubanov olması haqqında açıqlama yaymışdı. Həmin məlumatda bildirilirdi ki, bu şəxslər qətldən dərhal sonra Bakını tərk ediblər. Ötən ilin iyulunda isə Nizami Rayon Məhkəməsi Teymuraz Əliyevə telefon nömrəsi almaqda günahlandırılan Turqay Bayramovu iki il müddətinə azadlıqdan məhrum edib.


MTN bildirir ki, Teymuraz Əliyev və digər şübhəli şəxslərin axtarışı «İnterpol»un xətti ilə 180-dən artıq ölkədə davam etdirilir.


Elmar Hüseynovun qətli ətrafında vəziyyət bu yay bir qədər də mürəkkəbləşib. Çoxsaylı qətllərdə ittiham olunan Hacı Məmədov iyul ayında öz məhkəməsində bildirib ki, Elmar Hüseynovu onun dəstəsinin üzvləri keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sifarişi ilə qətlə yetiriblər. MTN bu ifadəsinə görə Hacı Məmmədovu dindirib, amma hələlik dindirmənin nəticələri barədə məlumat verilməyib.


XS
SM
MD
LG