Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:35

SOCAR-dan Avropanın futbol patronuna 80 milyon avro


SOCAR
SOCAR

-

Azərbaycan və Çinin dövlət şirkətləri Avro- 2016-da; Papa «soyqırımı» abidəsinə də gedəcək; Dulların sayı artır – 23 iyun Qərb mediasının icmalı.

Azərbaycanla Çin Avro-2016 futbol çempionatında iştirak etmir, ancaq hər iki ölkədən aparıcı şirkətlər bu turnirdə diqqət mərkəzindədir. Qərbin bu ölkələrdə insan haqları və demokratiya sarıdan narahatlığına baxmayaraq, onların dövlət şirkətləri bütün dünyaya televiziya vasitəsilə yayılan oyunların rəsmi sponsorlarıdır. Bunu «Reuters» agentliyinin əməkdaşı Emma Thomasson yazır.

Futbol matçlarının keçirildiyi stadionları SOCAR neft şirkətinin emblemi və «Azərbaycanın Enerjisi» (Energy of Azerbaijan) şüarı bəzəyir. Çini təmsil edənsə «Hisense» və «Çinin 1 nömrəli TV markası» (China's No. 1 TV brand) şüarıdır.

Müəllif yazır ki, hər iki ölkə idmana pul tökməklə beynəlxalq imicini düzəltməyə çalışır. «Bir gecəyə brendini qurmaq və hər bir evdə məşhurlaşmaq istəyirsənsə, sponsorluq bunun ən yaxşı yoludur», - Londonda mənzillənən «Mongoose» idman marketinqi agentliyinin direktoru Rupert Pratt deyib. Bununla özünü təsdiqləyir, inam qazanırsan. Axı belə düşünürlər ki, yayım hüququnun sahibi etibarsız brendlə işbirliyi qurmaz», - məqalədə belə deyilir.

«Qərbin insan haqları qrupları Azərbaycanda siyasi opponentlərə və dissidentlərə yanaşmadan özəlliklə narahatdır, hakimiyyəti siyasi müxalifətin dirçəlişini əngəlləməkdən ötrü narazıları boğmaqda ittiham edir. Prezident İlham Əliyevsə ittihamları rədd edir, SOCAR şəffaflığa sadiq olduğunu vurğulayır. Ancaq «Transparency International» təşkilatı Azərbaycanı korrupsiyaya görə 168 ölkə içində 119-cu yerə qoyur».

Yazıda qeyd olunur ki, ötən həftəsonu Bakıda ilk dəfə keçirilmiş Qran-pri yarışlarına görə «Formula-1» rəhbərliyi xeyli tənqid olunub, ancaq Azərbaycanla əməkdaşlığa gedən UEFA-ya qarşı belə bir mövqe ortaya qoyulmayıb. «İnsan haqları fəallarının fikrincə, bu cür tədbirlərə ev sahibliyi və sponsorluq barədə razılaşmalar o qədər pul gətirir ki, idman təşkilatları bəzən insan haqları və şəffaflıq məsələlərinə göz yumurlar».

UEFA bildirir ki, Avro-2016 tərəfdaşlarından BMT-nin insan haqları, ətraf mühit və korrupsiya məsələlərini əhatələyən prinsiplərinə sayqı göstərməyi xahiş edib. Bu, sponsorlara da aiddirmi? UEFA tərəfdaşlıq etdiyi şirkətləri yoxlayırmı? UEFA-nın sözçüsü bunu şərh etməyib, deyib ki, kontraktların detalları məxfi saxlanır.

Müəllif xatırladır ki, insan haqları qrupları ümumdünya futbol qurumuna – FIFA-ya çağırış edərək 2022-ci il Dünya Kubokunu Qətərdə keçirməməyə çağırıb. Belə ki, İsveçrə hakimiyyəti stadionlarda miqrant fəhlələrlə davranış barədə şikayətləri araşdırır. Elə çempionatın bu ölkədə keçirilməsində rüşvətin rolu da araşdırma obyektidir.

Yazıda vurğulanır ki, Michel Platini-nin korrupsiya qalmaqalına görə UEFA prezidentliyindən uzaqlaşdırılmasına baxmayaraq, qurum yeni tərəfdaşlar cəlb edə bilib. «Adidas», «Carlsberg», «Coca-Cola» və «McDonald’s» şirkətləriylə uzunmüddətli sazişləri var. SOCAR-la müqavilə 2013-cü ildə bağlanıb və «Sports Sponsorship Insider» sənaye dərgisinin hesablamasına görə, 4 illik müqavilənin dəyəri 80 milyon avrodur (89.87 milyon dollar).

UEFA Avro-2016-da marketinqdən 450 milyon avro qazanmağı hədəfləyir ki, 2012-ci ildə bu məbləğ 314 milyon avro idi.

«Sponsorluğumuz ölkəmizə beynəlxalq diqqəti artıracaq», - SOCAR-ın prezidenti Rövnəq Abdullayev agentliyə elektron poçt vasitəsilə bildirib.

Müəllif xatırladır ki, Beynəlxalq Olimpiya Komitəsi ötən il Bakıda keçirilən 1-ci Avropa Oyunları ərəfəsində də sərt tənqid olunurdu. Ancaq bütün təzyiqlərə baxmayaraq, Bakı 2020-ci ildə Avropa çempionatının keçiriləcəyi 13 şəhər sırasındadır.

Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə bütün hüquq və azadlıqların tam təmin olunduğunu deyir.

Serzh Sarkisian və Roma Papası Francis
Serzh Sarkisian və Roma Papası Francis

PAPA «SOYQIRIMI» ABİDƏSİNƏ DƏ GEDƏCƏK

Cümə günü Roma Papası Francis-in Ermənistana 3-günlük səfəri başlanır. «The Wall Street Journal»ın Avropa nəşri yazır ki, Papa ötən əsrin əvvəlində həlak olmuş ermənilərin xatirə kompleksinə də baş çəkəcək. Bəzi dövlətlər həmin hadisələri «soyqırımı» kimi tanısa da, Türkiyə bunu qəbul etmir.

Ən əsas məsələ isə Papanın həmin abidə üzərində yenə «genosid» kəlməsini işlədib işlətməyəcəyidir. Ötən il o, həmin qırğınları «20-ci əsrin ilk soyqırımı» adlandırmışdı. Türkiyə isə dərhal Vatikandakı səfirini geri çağırmışdı.

Yazıda Ermənistan-Azərbaycan münaqişəsinə də diqqət çəkilir və aprelin əvvəlində Dağlıq Qarabağda toqquşmaların yenidən qızışdığı yada salınır.

Papa Azərbaycana və Gürcüstana sentyabrın 30-dan oktyabrın 2-dək səfər edəcək.

Ermənistanda cəmi 280 min katolik yaşayır. Ermənistandakı katolik kilsəsi 1992-ci ilədək rəsmi tanınmamışdı.

Bazar günü isə Papa Françis Türkiyə ilə sərhəd yaxınlığındakı Xor Virap monastırında dua edəcək. Buradan Ararat dağı da görünür. Qəzet yazır ki, buradan 15 dəqiqəlik məsafədə yerləşən Türkiyə sərhədi rəsmən bağlı olsa da, ermənilər tez-tez sərhədi keçib Türkiyəyə işləməyə gedirlər. Məqalədə vurğulanır ki, Papanın sərhədə getməsi qrafikdə yoxdur, ancaq o, adamları təəccübləndirməyi xoşlayır. 2016-cı ildə Meksikaya səfəri zamanı ABŞ-la sərhəddəki miqrantlara baş çəkmişdi. Türkiyə sərhədinə gedərsə, bu, səfərinin əsas xəbər başlığı olacaq.

Suriyalı qaçqınlar
Suriyalı qaçqınlar

DULLARIN SAYI ARTIR

2010-cu ildən bəri Yaxın Şərqdə və Şimali Afrikada dulların sayı 24 faiz artıb. Səbəb Suriya müharibəsidir. «Reuters» agentliyi 23 iyun – Beynəlxalq Dullar Günündə yazır ki, dünyada milyonlarla dul qadın kasıblıq və təqibdən əziyyət çəkir. Onları qarət edir, miraslarından məhrum olunurlar. Bəziləri yaxın kişi qohumları tərəfindən köləyə çevrilir, cadugərlikdə ittiham olunur, yaxud cinsi rituallara cəld edilirlər.

Agentlik bəzi rəqəmlər də açıqlayır. Belə ki, dünyada 258 milyon yarım dul qadınla birlikdə 584 milyon 600 min uşaq var.

Münaqişə və xəstəliklər nəticəsində 2010-cu ildən bəri dul qadınların sayı 9 faiz artıb. Ən böyük – 24 faizlik artım isə Yaxın Şərq və Şimali Afrikada baş verib.

Dünyada hər 7 dul qadından 1-i həddən artıq kasıbdır. Nikah yaşında olan hər 10 qadından 1-i duldur. Əfqanıstanda və Ukraynada hər 5 qadından 1-i duldur.

Dünyada dulların üçdə biri Hindistan və Çində yaşayır. Hindistanda 46 milyon, Çində 44 milyon 600 min dul qadın var.

Qızların çoxu uşaqlıqdan dul qalır. Bu, erkən nikahların geniş yayıldığı ölkələrə aiddir, gənc qızları xeyli yaşlı kişilərə ərə verirlər.

XS
SM
MD
LG